Ərəstun Oruclu: “Proseslərin belə davam etməsi bizim xeyrimizə deyil”

Aztabriz 1 views
Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bir qrup azərbaycanlının Şuşa-Xankəndi yolunda keçirdiyi aksiyanın Rusiyanın məqsədlərinə xidmət etdiyini bildirib.

Moderator.az-a açıqlamasında Ərəstun Oruclu deyib:

“Şuşa-Xankəndi yolundakı məlum aksiya ilə bağlı Rusiya prezidenti Putinin susması və ümumiyyətlə, Rusiya hökumətinin özünü heç nə baş verməmiş kimi aparması,  həmçinin sülhməramlıların komandanı A.Volkovun üzə çıxmaması, əlbəttə, çoxlu suallar doğurur. Suallardan biri ilk növbədə ondan ibarədtir ki, Rusiya baş verənlərlə bağlı nəsə bir plan qurubmu, qururmu və yaxud belə bir plan olubmu?”- Ərəstun Oruclu deyib.

Ekspertə görə Moskvanın öncədən bu aksiyanın keçirilməsindən xəbəri olmaya bilməzmiş: “Rusiyanın davranışı da bunu göstərir. Hər bir halda Rusiya özünü çox sakit aparır. Kremlin sükutundan belə çıxır ki, aksiya yalnız qismən Azərbaycanın marağını təmin etmir, elə Rusiyanın da marağındadır. Çünki bu gün Azərbaycan tərəfinin iddia etdiyi kimi, Rusiya hərbçiləri tərəfindən Xankəndi-Şuşa-Laçın yolunun kəsilməsi bu hadisənin ətrafında həm Ermənistan, həm də bəzi dünya ölkə və təşkilatları tərəfindən çoxsaylı etirazlar və hay-küy yaradır. Və artıq bu, beynəlxalq mediada da özünü göstərməkdədir. Bu baxımdan, təəssüflə deməliyəm ki, proseslərin belə davam etməsi bizim xeyrimizə deyil.”

Ekspert bu iddiasını sonra belə şərh edib: “ Artıq Ermənistan Azərbaycanı yenidən Qarabağı blokadaya alan, dinc insanlara, xəstələrə, uşaqlara təhdid yaradan və s. anti-bəşəri hərəkətlər edən tərəf kimi təqdim etməyə çalışır. Və görünür, Rusiya da Azərbaycan ətrafında məhz belə bir mühitin, belə bir imicin formalaşmasını gözləyir ki, bundan sonra hərəkətə keçsin. Əslində bununla Rusiya özünü Azərbaycanın şəriki kimi təqdim etməyə çalışır. Ona görə də Putin hələlik buna susur, general Volkov üzə çıxmır. Və bununla belə bir görüntü yaratmağa çalışırlar ki, guya Azərbaycan Rusiyanın sifarişini yerinə yetirir.”

Ərəstun orucluya görə bunun çox ciddi mənfi nəticələri olacaq. “ Bu, məsələnin çox ciddi mənfi tərəfidir. Çünki ermənilərə yetərincə simpatiya olan beynəlxalq ictimai rəyi bizə qarşı kökləyir. Bu səbəblərdən  belə nəticəyə gəlirəm ki, Kreml məhz məqsədli şəkildə Azərbaycanın artıq 5-ci gündür ki, keçirdiyi aksiyaya susqunluq nümayiş etdirir. “- Ərəstun Oruclu deyib.

Add Comments