İqtisadçı ekspert Əliyev hökumətinin terminlərlə oynadını faş edib.
Natiq Cəfərli Pravda nəşri ilə müsahibədə deyib: “Hökumət təzə söz tapıb, qiymət artıb demir, dəyişib deyir. Həm baş nazir, həm də hökumətin digər üzvləri həmişə nəticədən danışırlar, səbəbləri deyə bilmirlər və həmişə də ölkədə mənfi nə baş verirsə, bunu beynəlxalq problemlərlə izah etməyə çalışırlar. Halbuki, bütün problemlərin kökü də, həlli yolları da Azərbaycan hakimiyyətindən çox asılıdır”.
N.Cəfərli qeyd edib ki, dövlət tərəfindən Tarif Şurası vasitəsi ilə dərman qiymətlərinin tənzimlənməsi qərarı çox səhv, yanlış, absurd və mənasız qərardır, bu mexanizm yaradılandan sonra qiymətlər qalxır, keyfiyyət isə aşağı düşür.
Onun sözlərinə görə, ölkədə Tarif Şurasının tənzimlənməsi tətbiq olunandan, onlarla dərman satan kiçik və orta şirkətlər iflas edib bazardan çıxdılar, böyük şirkətlər qalıblar ki, onlar da qiyməti diktə etməkdə çətinlik çəkmirlər.
Ekspert sonra gömrük rüsumlarının artırılmasını sərt tənqid edib. “Hökumət anlamırmı ki, istənilən rüsum və verginin son ödəyicisi vətəndaşdır, istehlakçıdır?! Bilirlər, yaxşı bilirlər, amma hesabatlı və seçkili hökumət olmadığı üçün vətəndaşdan-seçicidən asılı deyillər, ona görə də vergi-rüsum siyasətində bildiklərini oxuyurlar”, - deyə Natiq Cəfərli əlavə edib.