SƏHƏRİN TƏRƏNNÜMÜ - 25-04-2021 -Ramazan ayı islam ölkələrində özünəməxsus adət ənənələrə malikdir.

Sahar Azeri 29 views
Ramazan ayı islam ölkələrində özünəməxsus adət ənənələrə malikdir. İranlılar da digər müsəlmanlar kimi mübarək Ramazan ayının gəlib çatması münasibəti ilə evlər və məscidlərdə təmizlik işləri apararaq, bu mübarək ayı qarşılamağa, İlahi Ziyafətdə iştiraka hazırlaşırlar.

Verilişin müddəti : 01:00:00

Tarix :                  25-04-2021

 

 

Ramazan ayı islam ölkələrində özünəməxsus adət ənənələrə malikdir. İranlılar da digər müsəlmanlar kimi mübarək Ramazan ayının gəlib çatması münasibəti ilə evlər və məscidlərdə təmizlik işləri apararaq, bu mübarək ayı qarşılamağa, İlahi Ziyafətdə iştiraka hazırlaşırlar.

----------------------------------------------------------------------------------------------------------------------------------

Əvvəli rəhmət, ortası bağışlanma, axırı cəhənnəm atəşindən azadlıq - Ramazan ayı

Allah Təalanın rəhməti o qədər böyükdür ki, insanın mübarək aya tərəf getməsi tələb olunmur, bu ay bütün rəhmət və fəzilətləri ilə özü insana tərəf gəlir. Bəhrələnib-bəhrələnməmək isə insanın özündən asılıdır.

Ramazan ayından öncə Rəbbimiz bizə 2 mənəvi ay bəxş etmişdi: mübarək rəcəb və şəban aylarını. Bu aylar ona görə insana verilib ki, mübarək Ramazan ayı üçün vücudunu müvafiq ruhi-mənəvi hazırlıqla təmin etsin. Verilib ki, insan bu aylarda özünü qaydaya salsın və mübarək İlahi ziyafətə nurlu bir durumda daxil olsun. Dünyanın məşğuliyyətləri, iblis lənətliyin qurduğu oyunlar, insanın bu nəcib imkanlardan və gözəl fürsətlərdən yetərincə istifadə etmək imkanını zəiflətməyə yönəlib və əgər mübarək aya daxil olan bir dönəmdə insan, durumunu yenidən qiymətləndirib hansı aya daxil olduğunun fərqinə varmayıbsa, buradan lazımi mənəvi bəhrələr apara bilməyəcəkdir.

Həzrət Peyğəmbərin (s) Ramazan ayı öncəsi müraciəti

Əziz Peyğəmbərimiz (s) mübarək ayın gəlişindən bir neçə gün öncə müsəlmanlara xitabən xüsusi çağırışlarını edərdi. Həzrət Salman buyurur: "Şaban ayının sonuncu günündə Peyğəmbər (s) bizim üçün Ramazan ayının fəziləti haqqında bir xütbə söylədi. Özünün bu xitabında buyurdu: "Ey camaat! Həqiqətən sizin üzərinizə əzəmətli və mübarək bir ay kölgə salıb. Bir ay ki, onda 1000 aydan üstün gecə var. (Bir ay ki,) onda Allah Təala orucu vacib qərar vermişdir. Və gecələrinizi ibadətlərdə keçirməyi bəyənilmiş və müstəhəb qərar vermişdir".

Xütbənin sonunda Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Bu, bir aydır ki, bərabərlik ayıdır. Bir aydır ki, möminin ruzisi bu ayda artar. Bir aydır ki, əvvəli rəhmət, ortası məğfirət və bağışlanma və axırı - cəhənnəm atəşindən azadlıqdır. Və bu ay mömin üçün bəhrə və fayda ayıdır və münafiq üçün - zərər ayıdır"".

Yəni, artıq səfərə çıxacağıq. Artıq yol başlayır. Bəyan edilir ki, bunda 1000 aydan artıq bir gecə var. Həzrət Peyğəmbər (s) bu ayın böyük fəlsəfəsinə də diqqət çəkir. Qeyd olunur ki, bu, bərabərlik ayıdır. Varlı və ya kasıb, nazir və ya fəhlə, alim və ya azsavadlı olmasından asılı olmayaraq, insanlar gündüzlərini ac və susuz keçirir bu ayda. Qidanı, ləziz xörəkləri görür, amma yemirlər. Varlılar ehtiyaclılığın nə olduğunu dada bilirlər bu ayda. İradəsi zəif insanlar öz iradələrini tərbiyə edirlər bu ayda.

Bu ayın digər xüsusatlarında o da qeyd olunur ki, bu bəhrələnmə mömin üçündür. Üzdə imanlı kimi özünü göstərən, qəlbi imansızlıq və riya ilə dolu olan ünsürlər üçünsə bu ay - zərər vaxtıdır. Özlərini zahirdə oruc tutan kimi göstərməli, müəyyən digər narahatlıqları keçirməli olurlar bunlar. İşləri-gücləri gərginlikdə olmaqdır Ramazan ayında münafiqlərin.

Hər günü fürsət

Bu ayın digər cəhətləri olaraq, onun əvvəlinin, ortasının və axırının müəyyən məqamları qeyd olunur. Bu aya daxil olmaq - rəhmətlədir. Hər kim bu səfərə çıxırsa, Allah Təalanın rəhməti ona müşayiətçi olur. Ortasında məğfirət və bağışlanma insanın dadına yetir. Bütün səhv və xətalarını, mənfiliklərini tökür qəlbindən və təmizlənmiş bir durumla daxil olur ayın ortasına. Və məntiqi nəticə olaraq, bu durumu saxladığı təqdirdə, cəhənnəm atəşindən sığortalayır bəndə özünü. Onun cisminə haram olur cəhənnəm odu.

İnsana tərəf üz tutan ay

Digər hədislərdə Ramazan ayına bir neçə gün qalmışdan bəri olan hazırlıqlar barədə nəql olunur. İmam Muhəmməd Baqirdən (ə) nəql edirlər: "Şaban ayının sonuna 3 gün qalmış Allahın Rəsulu (s) Həzrət Bilala göstəriş verərdi ki, camaatı toplaşmağa səsləsin. Camaat toplaşanda Allahın Rəsulu (s) minbərə qalxar, Allaha həmd-səna söyləyəndən sonra buyurardı: "Ey insanlar! Həqiqətən bu ay sizə tərəf üz tutub və bu - bütün ayların ağasıdır. Onda bir gecə vardır ki, 1000 aydan üstündür. Bu ayda cəhənnəmin qapıları bağlanar, cənnətin qapıları açılar. Kim bu ayda yaşasa və bağışlanmasa, Allah Təala onu Öz rəhmətindən uzaqlaşdırar"".

Allah Təalanın rəhməti o qədər böyükdür ki, insanın mübarək aya tərəf getməsi tələb olunmur, bu ay bütün rəhmət və fəzilətləri ilə özü insana tərəf gəlir. Bəhrələnib-bəhrələnməmək isə insanın özündən asılıdır.

Bu ay tanıtdırılır - bütün ayların sultanı olduğu bildirilir. O biri aylarda islah oluna bilinməyən xasiyyətlər bu ayda düzəlir. O biri ayda meydana çıxan çətinliklər, ruhi problemlər bu ayda asanlıqla öz həllini tapır.

Bu ayı yaşayan, amma bağışlanmayan insan, özünü İlahi mərhəmətdən məhrum edər. O qədər vücudi tənbəl olmalıdır, o qədər süst olmalıdır, bacarıqsızlıq göstərməlidir insan ki, bu böyüklükdə rəhmət okeanından bir şey apara bilməsin.

Nəql edirlər ki, Həzrət Əli (ə) Ramazan ayının hilalını görən zaman bu duanı oxumağı buyurardı: lAllahım! Mən həqiqətən Səndən bu ayın xeyir və yaxşılıqlarını istəyirəm. Və (Allahım! Bu ayın) fəthini və qələbəsini (lənətlik şeytan üzərində); və nuraniyyətini, işıqlanmasını; və köməkliyini; və bərəkətini; və təharət və paklığını; və ruzisini Səndən diləyirəm. (Allahım!) Bu ayda olan xeyir və yaxşılıqları və bu aydan sonra olan (xeyirləri və yaxşılıqları) Səndən diləyirəm. (Allahım!) Sənə pənah aparıram bu ayda olan şərlərdən və pisliklərdən, bu aydan sonra olan (şərlərdən və pisliklərdən). Allahım! Bu ayı bizim üzərimizə əmin-amanlıqla, (Sənə) imanla, ..., İslam (neməti) ilə, həqiqi bərəkət, təqva və Sənin sevdiklərinə tövfiq əldə etmək (səadəti) ilə daxil et!».

İblisə qələbə çalma fürsəti

Bu duada Əmirəlmöminin (ə) bizə öyrədir bu ayın imkanlarını, bu ayın istedadlarını. Bu ayın şeytan üzərində fəth və qələbə təmin etmək istedadı var. İnsan istəməlidir bunu. İnsan bu ayda lənətlik iblis üzərində qələbə çala bilər. Özünü bir duruma gətirə bilər ki, iblis ona vəsvəs etmək iqtidarında olmaz.

Sanki bir mübarək dalğadır, insanın üstünə gəlir Ramazan ayı. Və bəndə diləyir Rəbbindən ki, bu dalğa ruhi-mənəvi, psixoloji, maddi əmin-amanlıqla, salamatlıqla, imanla, həqiqi müsəlman olmaq nemətilə, bərəkət və təqva ilə, Allahın sevdiklərini sevməklə dolu gəlsin.

İlahi ziyafət

Ramazan ayının gəlişi ilə əlaqədar olaraq, Həzrət Peyğəmbər (s) müsəlmanlara xütbə oxuyardu. Həzrət Əli (ə) buyurur: “Mübarək Ramazan ayının gəlişi ilə bağlı Peyğəmbər (s) bizlərə belə bir xütbə oxudu: ”Ey camaat, doğrudan da Allah Təalanın ayı öz rəhmət, mərhəmət və bərəkəti ilə sizlərə üz gətirib. Bu, elə bir aydır ki, günləri - Allahın yanında ən gözəl günlər, gecələri - ən gözəl gecələr, saatları - ən gözəl saatlar, özü də ayların ən gözəlidir"".

Hədisin davamında mübarək Ramazan ayının bərəkətli xüsusiyyətləri bir daha vurğulanır: “Bu ayda sizlər Allah qonaqlığına dəvət olunub kəramət əhlinə çevrilmisiniz. Bu ayda aldığınız nəfəslər - zikr, yatmağınız - ibadətdir və əməlləriniz - qəbul, etdiyiniz dualar - müstəcab olur”.

Sonra Həzrət Əlidən (ə) nəql edilən bu hədisdə əziz Peyğəmbərimizin (s) Allahdan nə istəməklə bağlı tövsiyəsinə toxunulur: “Elə isə Allah Təaladan saf niyyət və sidq ürəklə istəyin ki, günah və pis əməllərinizdən keçib, sizlərə bu ayda oruc tutmağı, Quran tilavət etməyi qismət etsin. Doğrudan da bədbəxt o şəxsdir ki, bu ayda Allahın rəhmətindən kənar qalıb, bağışlanmasın”.

Mübarək hədisdə Ramazan ayının ibrətləri və burada edilməli olan əməllər iman əhlinin diqqətinə çatdırılır: “Bu ayda ac-susuz qalmaqla Qiyamət gününün aclıq və susuzluğunu xatırlayın, yoxsullarınıza sədəqə verməklə kömək edin, qocalarınıza hörmət, uşaqlarınıza rəhm, qohum-əqrəbanıza yaxşılıq edin. Danışılması lazım olmayan şeyləri danışmayın, baxılası halal olmayan şeylərə göz yumun, eşidilməsi haram olan şeylərdən qulaqlarınızı gözləyin. Yetimlərə qarşı mehriban olun ki, sizdən sonra yetimlərinizlə mehriban olsunlar. Günahlardan Allaha tərəf qayıdın və əllərinizi dua etmək üçün namaz vaxtı göylərə qaldırın. Çünki namaz vaxtı - ən gözəl anlardır. Bu anlarda Allah Təala Öz bəndələrinə rəhmət gözüylə baxıb, Onu çağırarkən onları cavablayır, Onu səslərkən ”ləbbeyk!" deyir və dua edərkən müstəcab edir".

Mübarək hədisdə iman insanının bu mübarək ayda qurtulmalı olan buxovlarından söhbət açılır: “Ay camaat! Doğrudan da canlarınız (ruhunuz) - əməllərinizin zaminidir. Allahdan rəhmət (bağışlanma) diləməklə bu zaminlikdən qurtarın. Boynunuzda ağır günah məsuliyyəti var, uzun-uzadı səcdələr etməklə günahlarınızı yüngülləşdirin. Bilin ki, Allah Təala and içib ki, bu ayda namaz qılıb səcdə edənlərə əzab verməyəcək və Qiyamət günü onları cəhənnəm odu ilə qorxutmayacaq”.

Yarım xurma iftarı

Ramazan ayının bərəkətləri arasında iftar vermək mədəniyyətinin aşılanmasına da böyük yer ayrılıb. Hədisin davamında deyilir: “Ay camaat! Sizlərdən hansı biriniz bu ayda oruc tutmuş bir möminə iftar verərsə, Allah Təala onun üçün bir qul azad etmiş şəxsin savabını yazıb keçmiş günahlarını əfv edər”.

Səhabələrdən bəzisi dedi: "Ya Rəsuləllah! Axı hamımızın buna imkanı çatmır». Peyğəmbər (s) buyurdu: “Oruc tutanlara yarım xurma dənəsi və ya bir içim su ilə də olsa iftar verməklə, özünüzü cəhənnəm odundan qoruyun. Bundan artığını etməyə imkanı olmayana da Allah Təala həmin savabı verər”.

Mübarək Ramazan ayında əxlaqi rəzilətlərdən qurtulmağın dəqiq reseptləri mübarək hədisin davamında təqdim edilir: “Ay camaat! Bu ayda əxlaqını gözəlləşdirən şəxs, ayaqların əsəcəyi gündə Sirat körpüsündən asanlıqla ötüb keçər və hər kəs bu ayda öz qul və ya kənizinin işini asan tutarsa, Allah da onun hesab-kitabını Qiyamətdə asan edər.

Bu ayda öz şərini camaatdan uzaq edən şəxsdən Allah Təala Qiyamət günü Öz qəzəbini uzaq edər.

Kim bu ayda atasız bir yetimə qayğı göstərərsə, Allah da Qiyamət günü onun özünə qayğı göstərib, mərhəmət edər.

Kim bu ayda öz qohum-əqrəbasına yaxşılıq etsə, Allah da Qiyamətdə onu Öz rəhmətinə qovuşdurar. Kim də bu ayda qohum-əqrəbasına yaxşılıq etməzsə, Allah da Qiyamətdə onu Öz rəhmətindən uzaq edər.

Kim bu ayda müstəhəb bir namaz qılsa, Allah Təala onun cəhənnəm odundan azadlığına hökm verər.

Kim bu ayda vacib bir namaz qılsa, Allah Təala ona başqa aylarda qılınan 70 namazın savabını verər.

Kim bu ayda mənə çox salavat göndərərsə, əməl tərəzilərinin yüngülləşəcəyi gün Allah Təala onun əməl tərəzisini ağırlaşdırar.

Bu ayda Qurandan bir ayə oxuyan şəxsə Allah Təala başqa aylarda bir Quran oxumuş şəxsin savabını verər".

Cənnət qapıları bu ayda açıqdır

Hədisin davamında bildirilir: “Ay camaat! Həqiqətən bu ayda cənnət qapıları üzünüzə açılmışdır, Allahdan istəyin ki, onları üzünüzə bağlamasın və cəhənnəm qapıları üzünüzə bağlanmışdır, Allahdan istəyin ki, onları üzünüzə açmasın. Bu ayda şeytanlar zəncirlənmişlər, Allahdan istəyin ki, onları sizə hakim etməsin”.

Həzrət Əli (ə) buyurur: “”Mən ayağa qalxıb Peyğəmbərdən (s) soruşdum ki, ya Rəsuləllah, bu ayda ən gözəl əməl hansıdır?". O Həzrət (s) cavabında buyurdu: “Ey Əbəl-Həsən, bu ayda ən gözəl əməl - Allah Təalanın haram buyurduğu işlərdən uzaq olmaqdır”.

Bunu buyurub ağlamağa başladı. Soruşdum ki, ya Rəsuləllah, Sizi ağladan nədir? Peyğəmbər (s) buyurdu: “Ya Əli, sənin bu ayda Allaha ibadət edərkən qanının axıdılacağına ağlayıram. İnsanların ən bədbəxti, hətta Səmud qövmünün (Saleh peyğəmbərin) dəvəsini öldürəndən də bədbəxt şəxs, sənin başına zərbə endirəcək və sənin sifətin qanına bulaşacaq”.

Soruşdum ki, ya Rəsuləllah, belə olan halda dinim salamat qalacaqmı? Peyğəmbər (s) buyurdu ki, “Bəli, dinin salamat qalacaq”.

Daha sonra isə əlavə edib, buyurdu: “Ya Əli, səni öldürəcək şəxs, sanki mənimlə düşmənçilik etmiş və sənə nalayiq sözlər deyən şəxs, sanki mənə nalayiq sözlər demişdir. Çünki sən məndənsən, mənim özüm kimisən, ruhun mənim ruhumdan, yaranışın mənim yaranışımdandır. Allah Təala mənimlə səni yaratmış, mənimlə səni seçmiş, məni peyğəmbər, səni isə imam təyin etmişdir. Sənin imamətini inkar edən şəxs, mənim peyğəmbərliyimi inkar etmiş olur.

Ya Əli, sən mənim vəsim (canişinim), övladlarımın atası, qızımın əri, sağlığımda və ölümümdən sonra ümmətimin xəlifəsisən.

Sənin əmrin - elə mənim əmrim, sənin nəhyin - elə mənim nəhyimdir. And olsun məni peyğəmbərliyə göndərmiş və insanların ən üstünü qərar vermiş Allaha ki, sən doğrudan da Allahın bəndələr üzərindəki hüccəti, Allah sirrinin mühafizəçisi və bəndələr arasındakı xəlifəsisən".

Add Comments